Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Təfəkkür mədəniyyəti və müstəqilliyi
Dos. R.Ə.Cavadov
Bu bir həqiqətdir ki, “çox bilmək”, heç də “düşünməyi bacarmaq” demək deyildir. Hələ vaxtı ilə Heraklit demişdir ki, “ağlı biliklərin çoxluğu öyrətmir”. Sanki bu fikri təsdiq edirmiş kimi E.D.İlenkov yazır: “Ağıl (müdriklik) özü –özlüyündə “bilik” deyil, təhsilin hafizəyə “qoyduğu” məlumatların məcmusu deyil, nə informasiya, nə də sözü –sözlə, termini –terminlə əlaqələndirən qaydalar yığınıdır. Bu biliklərlə düzgün fəaliyyət göstərmək bacarığıdır, həmin bilikləri real həyatın, obyektiv reallığın hadisə və faktları ilə əlaqələndirmək, başlıca isə müstəqil olaraq bu bilikləri artırmaq, tamamlamaq bacarığıdır – hər bir müdrik fəlsəfə ta qədimdən ağılı belə müəyyən edib”. [1, s.9]
Burada iki cəhət diqqəti cəlb edir: a) “bu bilikləri real həyat hadisələri və faktları ilə əlaqələndirmək bacarığı”,b) “”müstəqil olaraq bu bilikləri əldə etmək”. Hər iki cəhət təfəkkür müstəqilliyinin əsas göstəriciləridir. Buradan iki istriqamətdə nəticə çıxartmaq mümkündür.
Əvvəla, ali məktəbdə tələbələrin təlim fəaliyyətinin optimal surətdə təşkil etmək üçün təfəkkür müstəqilliyinin təşəkkülünə xüsusi diqqət yetirilməlidir. Çünki bu keyfiyyət cisim və hadisələrin mühiyyətini, onlar arasındakı qanunauyğun əlaqə və münasibətlərin açılmasında əsas rol oynayan təfəkkürün inteqral keyfiyyətidir.
Digər tərəfdən, tələbələrin təlim fəaliyyətini optimal surətdə təşkil etmək üçün onlarda müstəqil surətdə bilik əldə etmək, dərk etdiyi cisim və hadisələri bir-birilə tutuşdurmaq, onlara müxtəlif tərəflərdən yanaşmaqla bağlı yönəliş (ustanovka) yaratmaq mümkündür. Bunun üçün bir sıra zəruri şərtlərin gözlənilməsi vacibdir:
a) tələbələrə təqdim olunan elmi informasiyaların bəsitləşdirilməsinə yol verilməməli, əksinə onun problem xarakterini gücləndirməli,
b) informasiyaların dialoji formada –fikir mübadiləsi, rəy toqquşması formasında çatdırılması ön plana çəkilməlidir,
c) qarşıya çıxan problem və ya məsələnin təzadlı –ziddiyyətli cəhətlərinə, onların araşdırılmasına diqqəti artırmalı,
d) tələbəyə verilən sualların hər hansı biliyi yada salmaq, bərpa etmək, xatırlamaq istiqamətində deyil, informasiyaların seçilməsinə, qarşılaşdırlmasına,  öz təfəkkür süzgəcindən keçirməyə, praktikada, real həyatda ondan necə səmərəli istifadə etmək olar istiqamətinə diqqət yetirilməlidir,
e) tələbələrin özlərinin saul verməsini, problem irəli sürməsini, bu və ya digər məsələ barədə öz fikir və mülahizələrini əsaslandırmasını stimullaşdırmaq lazımdır.
Lakin nəzərə almaq lazımdır ki, bu cəhətlər istər orta, istərsə də ali məktəblərdə gənc nəslin müəyyən bilikləri mənimsəməsini, yadda saxlamasını heç də inkar etmir Çünki, “öz –özlüyündə aydındır ki, mədəniyyət (mənimsənilmiş bililər ehtiyatı, ümumi həqiqətlər) nə qədər yüksək olarsa, ağlın özünü büruzə verməsi üçün bir o qədər böyük və geniş imkan olar. Əgər bu ehtiyatı müstəqil olaraq təkrarolunmaz situasiya ilə əlaqələndirmək qabiliyyəti (bacarığı) yolxdursa – ümumiyyətlə ağıl yoxdur, hətta, geniş bilik ehtiyatı olsa da, onun olmaması –ağılsızlıq var”.[1, s.15]
Gətirdiyimiz iqtibas bizim apardığımız tədqiqatlardan əldə etdiyimiz nəticələrlə tamamilə üst-üstə düşür.
Çox vaxt belə bir hal müşahidə olunur: məsələni, problemi həll etməyə çalışan adam mövcud bilikləri ilə düşdüyü situasiya arasında əlaqə yaradır, lakin bu əlaqə zəminində yürütdüyü mühakimə nisbətən dolayı yolla baş verir. Bu da artıq əməliyyatlar, çevirmələr, mühakimələr aparılmasına və uzun –uzadı qaydaların tətbiq olunmasına səbəb olur. Nəticənin əldə olunması prosesi səmərəli hesab edilə bilməz. Heç şübhəsiz ki, yürüdülən mühakimənin əsaslandırılması onun sübutluluğu ilə əlaqədardır ki, bu da lazım gəldikdə şəxsiyyətin öz nöqteyi –nəzərində durmasını başqalarının məntiqindəki çatışmazlığı görməsini, müxtəlif fikirlər içərisindən ən adekvat olanını seçməsini və s. tələb edir. Yəni geniş bilik ehtiyarının olması vacib olsa da  həlledici deyildir. Çünki bu halda bilik ehtiyatına münasibət, ondan yerində istifadə etmək, onu yeni şəraitə tətbiq etmək kimi mühüm məsələlər yaddan çıxarıla bilməz. “Zehni bilik ehtiyatları ilə zənginləşdirmək”faydalıdır, lakin həmin bilik ehtiyatlarına yaradıcı münasibət, onları müstəqil surətdə əldə etmək, lazım gəldikdə tətbiqini bacarmaq, fikri fəaliyyət, intellektual fəaliyyət mədəniyyətinin olmasını tələb edir. Belə bir təfəkkür mədəniyyəti fərdin ictimai təcrübəni dərindən mənimsəməsi, intellektual səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Həm də burada çox ciddi qarşılıqlı asılılıq mövcuddur. Fərdin intellektual səviyyəsi yüksəldikcə onun ümumi təfəkkür mədəniyyəti də dəyişikliyə məruz qalır. Belə bir fikirlə razılaşmaq olar ki, “ağıl, intellekt ümumiyyətlə, yalnız bütün əvvəlki insan nəsillərinin əməyi ilə yaradılmış təfəkkür mədəniyyətinin fərdi mənimsənilməsi prosesində formalaşır.Əslində, ağıl tarixən inkişaf edən təfəkkür mənədiyyətinin təhsilin gedişində fərdin şəxsi nailiyyətinə, şəxsi malına çevrilməsindən başqa  bir şey deyildir”. [1, s.21]. Burada diqqəti cəlb edən cəhətlərdən biri məhz, fərdin öz səyi sayəsində yüksək təfəkkür mədəniyyətinə sahib olmasıdır. Həm də belə bir təfəkkür mədəniyyəti fərdin öz şəxsi malına çevrilir. Bundan əlavə, həmin ideyada təfəkkür mədəniyyətinin həyat prosesində qazanılmasının zərurəti, mümkünlüyü qeyd edirlir. Bizim apardığımız eksperimentlərdən əldə edilən ən mühüm nəticələrdən biri tələbələrdə əlverişli şəraitdə təfəkkür müstəqiliyinin müəyyən səviyyəyə qaldırılmasının mümkünlüyüdür.Təbii ki, burada “təfəkkür orqanının yütkinliyi” də az rol oynamır. Yəni xarici və daxili təsirlərin köməyi ilə tələbələrdə təfəkkür müstəqilliyini inkişaf etdirməyin vacibliyi qənaətidir. Nəzərdən qaçırmaq olmaz ki, “gənclikdən doqmatik təfəkkürə, mücərrəd formullara hədsiz “ehtiram”göstərməyə öyrədilmiş adam, həmişə həyatla –onun üçün çox xoşagəlməz olan –toqquşmaya düçar olacaqdır. Elm onun mücərrəd formulları və qaydaları ilə onun üçün kor-koranə pərəstiş predmeti, həyat isə -mücərrəd həqiqətlə, bütöv həyatın konkretliyi arasındakı ziddiyəti həll etmək zərurəti qarşısında qoyulmuş isterik üçün başdan başa bəhanə olacaqdır. O, buna lap əvəldən öyrədilmədiyindən, yəqin ki, özünü itirəcək və ora-bura vurnuxacaqdır”. [1, s.59]
Bəs yetişməkdə olan nəsli belə bir vəziyyətdə qoymamaq üçün nə etmək lazımdır? Əlbəttə, bu sual daha çox ali məktəbdə təlim-tərbiyə prosesində tələbə gənclikdə təfəkkür müstəqilliyinin inkişaf etdirilməsinə müsbət təsir edən hansı yol və vasitələrdən istifadə edilməsilə bağlıdır. Belə mühüm yollardan biri tədris prosesində tələbələrin müstəqil işinə, onun təşkilinə, planlaşdırılmasına və həmin işlərə müəllim tərəfindən edilən kömək və nəzarətin məzmun və mahiyyətinə xüsusi diqqət yetirməkdir.
Tələbələrin müstəqil işinə pedaqoji rəhbərlik müxtəlif yollarla həyata keçirilir. Bir sıra ölkələrdə bu prosesdə “tyutor” sistemi böyük rol oynayır. Tyutor sisteminin, yəni müəllimin müntəzəm fərdi –qrup məşğələlərinin mahiyyəti ondan ibarətdir ki, o himayəsində olan bir neçə tələbə ilə universitetdə təhsil aldıqları bütün vaxt ərzində müntəzəm surətdə məşğul olur. Həm də tyutorun himayəsində sayı 2-dən 10-a və ya daha artıq olan qrup ola bilər, lakin ideal hal tyutorun bir tələbə ilə məşğul olması hesab edilir.
Tyutor əslində müəllim deyil və o tələbələrin akademik və elmi sahələrdəki rəhbəri, tərbiyəçi hamisi kimi müxtəlif fənn müəllimləri ilə onlar arasında əlaqələndirici rolunu oynayır. Tyutorun təlim –tərbiyə prosesindəki rolunu qiymətləndirərək qeyd etməliyik ki, tələbə üçün yaxşı hamiçinin olması yaxşı mühazirəçinin dərsinə getməkdən daha vacibdir. Çünki lazım olan bilikləri elmi ədəbiyyatdan da almaq olar, amma düşünməyi və işi təşkil etməyi öyrədən adamla ünsiyyətdə olmağı heç nə ilə əvəz etmək mümkün deyil.
Tyutor kiçik qruplarla işlədiyi halda müsbət nəticə əldə etmək mümkündür ki, bu da tyutor sisteminin bahalılığı baxımından əlverişli deyil. Buna baxmayaraq onun müsbət didaktik xüsusiyyətlərinə görə öyrənilməsi diqqətəlayiqdir. Bir sıra İngiltərə universitetlərində bu sistemdən tərbiyə vasitəsi kimi istifadə olunur. Tyutor hamiliyindəki tələbələrlə öz kabinetində, auditoriyasında, idman meydançasında, dərnəkdə, ədəbiyyat cəmiyyətində və s. yerlərdə daimi ünsiyyətdə olaraq onların intellektual, fiziki və əxlaqi keyfiyyətlərinin inkişafına böyük təsir göstərir.
Qeyd etmək lazımdır ki, bizdə tyutorlar bir qədər fərqli istiqamətdə fəaliyyət göstərirlər və onların məhz məsləhətçi – müəllim rolunda çıxış etmək imkanları da yoxdur. Həmin funksiyanın öhdəsindən gələ bilmələri üçün tyutorların özləri də elmi – nəzəri və praktik səviyyədə müəyyən tələblərə cavab verməlidirlər.
Bir sıra xarici ölkə universitetləri və ali məktəblərində adətən mühazirədə elmin çox mürəkkəb problemləri, yaxud dərslikdə olmayan hissələr əhatə edilir. Qalan bütün məsələlər tələbələr tərəfindən müstəqil olaraq öyrənilir. Mühazirə fənnə maraq oyatmalı, tələbələri müstəqil işə yönəltməli, onların bu sahədəki fəallığını artırmalıdır. Təsadüfi deyildir ki, bir sıra inkişaf etmiş ölkələrin ali məktəblərində tələbələrin müstəqil işinə ümumi tədris vaxtının 60% -dən artıq hissəsi həsr edilir. Müəllim qabaqcadan tələbələrə xəbər verir ki, məhz hansı material, nə həcmdə və nə vaxta qədər işlənilib hazırlanmalıdır. Tələbənin idrak fəallığını artıran mühazirələrin yüksək keyfiyyəti bir sıra amillərdən asılıdır. Mühazirə materialının yaxşı mənimsənilməsini şərtləndirən mühüm amillərdən biri mühazirələrlə tələbələrin müstəqil işinin üzvi surətdə əlaqələndirilməsi, koordinasiyasıdır.
Praktik məşğələlərin məqsədi mühazirə materiallarını möhkəmləndirmək və tələbələrlə problemi kollektiv həll etmək qabiliyyəti, tənqidi təfəkkür və müstəqil işləmək bacarığı və vərdişləri tərbiyə etməkdir.
Təəssüf ki, bizim ali məktəb praktikamızda xüsusən də problemin kollektiv həlli məsələsinə kifayət qədər fikir verilmir. Bu, bir tərəfdən ixtisasa yönəltmək baxımından, digər tərəfdən, isə elmi –tədqiqat fəaliyyətini canlandırmaq, o sahədə tələbələrdə lazımı bacarıq və vərdişlər yaratmaq üçün vacibdir. Seminarların keçirilməsi forması müxtəlif ola bilər. Yaxşı olardı ki, belə seminar məşğələlərində tələbələr sayca çox az olsun (yəni kiçik qruplarla). Həm də bu zaman tələbələrin hansı problemlə bağlı ədəbiyyatı müstəqil seçməsinə, referatlar, məruzələr hazırlayaraq ümumin müzakirəsinə verməsinə diqqət artırılsın. Həm də yaxşı olardı ki, seminarları diskusiya şəklində aparılaydı. Onun məqsədi tələbələrdə müstəqil intensiv əqli fəaliyyət bacarıq və vərdişlərini, informasiyanı qiymətləndirmək, tərkibləşdirmək və tətbiq etmək, gələcək peşə fəaliyyətini hesaba almaqla problemi müzakirə etmək və optimal həllini tapmaq qabiliyyəti formalaşdırmaqdan ibarətdir. Təlim hər şeydən əvvəl, tələbələrin özlərinin səyinin nəticəsi olmalıdır ki, biliklərin səmərəli qazanılmasına, həmçinin də şəxsiyyətdə arzu edilən keyfiyyətlərin formalaşmasına gətirib çıxarsın. Professional hazırlığın yüksək səviyyəsini təmin etməklə yanaşı, təlim prosesi şəxsiyyətin inteqral keyfiyyətlərinin formalaşmasını, xüsusən də müstəqillliyin və təfəkkür mədəniyyətinin formalaşmasını təmin etməlidir.
Təlim prosesində müstəqil işin səmərəli təşkili eyni zamanda tələbələrin əqli keyfiyyətlərinin ümumən intellektual qabiliyyətlərinin inkişafı üçün mühüm şərtdir. Bu cəhətdən bütün təhsil illərində fərdi-qrup məşğələsi aparılması çox faydalıdır.
Tələbələrdə təfəkkür müstəqilliyini tərbiyə etmək üçün ali məktəb dövründə xüsusi istedadlı tələbələri bir qrupa yığıb onlarla daima fərdi məşğul olmaq üçün yüksək istedada malik professor və müəllimlərin seçilməsi və bu işə cəlb edilməsi də çox əhəmiyyətlidir. Belə tələbələri məcburi kurslarla yükləmək yox, onların istedadının maksimal inkişafına çalışmaq zəruridir. Bu, bir tərəfədn də təlimin fərdiləşdirilməsinə diqqəti artırmağı tələb edir.  Bakı Dövlət Universitetində son zamanlar bu istiqamətdə müəyyən işlər aparılır və hesab edirik onlar öz bəhrəsini verəcəkdir. Təlim prosesini fərdiləşdirən vasitə kimi, qarşılıqlı təlimi qəbul etmək olar. Yuxarıda qeyd edildiyi kimi, bu, qarşılıqlı təlim iştirakçılarının tərəflərindən hər biri üçün istər ümumən təfəkkürün, istər sə də müstəqilliyin inkişafı baxımından olduqca faydalıdır.
Təfəkkür müstəqilliyinin inkişafı v ətərbiyəsi üçün müstəqil işlərin başqa növləri ilə yanaşı, qrup halında müstəqil iş forması da mühüm əhəmiyyət kəsb edir. Bu iş formasından 3-5 nəfərlik qruplarda istifadə etmək olar. Burada həm kollektiv surətdə məsələ həll etmək, həm də problemlə bağlı fərdi müstəqil iş zamanı qazanılmış nöqteyi –nəzərlərə görə müzakirə keçirmək olar. Unutmaq olmaz ki, müasir təlim sistemi üçün tələbələrin fəallaşdırılmasının yeni forma və metodlarının axtarılması əsas məsələdir.
Tələbələrin aktiv idrak, yaxud da fikri fəaliyyəti isə təfəkkürün müstəqilliyini stimullaşdırmadan mümkün deyildir. Məlum olduğu kimi müstəqillik müxtəlif həyat situasiyalarının, xüsusən də məqsədyönlü təlim prosesinin təsiri altında formalaşır. Müasir pedaqogika belə bir mövqedən çıxış edir ki, müəllim təlim prosesini təşkil edərək və buna müvafiq surətdə onu idarə etməklə, qarşıya qoyulmuş məqsədə, o cümlədən də , öz yetirmələrində müstəqilliyin səviyyəsinə əsaslı təsir göstərə bilər.
Gənclərin müstəqilliyinin inkişafının iki yolu vardır:
a) təfəkkür müstəqilliyinin və müstəqil düşünmək və fəaliyyət göstərməyin ilkin zəruri şərtlərini xüsusi kurslarda formalaşdırmaq lazımdır;
b) bu keyfiyyəti təlim məşğələlərinin gedişində fasiləsirz olaraq inkişaf etdirmək lazımdır.
Burada iki mövqe aydın görünür: təlim məşğələlərinin gedişində bir sıra xarakterik bacarıqlar formalaşdırmaq, təlim –tərbiyə prosesinin inteqral hissəsi kimi şərh olunan təsirlər sistemi yaratmaq.
Təfəkkür müstəqilliyi təlimini ümumi tərəfindən qəbul edilmiş vacib məqsədlərindən biridir və ona nail olmaq üçün, səmərəli strukturada təşkil olunmuş və adi təlim-tərbiyə prosesi iə uyğunlaşan bir sıra  tədbirlər həyata keçirmək lazımdır. Yəni, hər hansı səviyyədə təlim müstəqilliyə öyrədən elementlərə malik olmalıdır. Məlumdur ki, burada ən başlıca yeri müəllimin optimal professional fəaliyyəti ilə yanaşı, tələbələrin təlim motivləri və onların həqiqi istəyi, müstəqilliyi bir sərvət kimi qiymətləndirməsidir.

Ədəbiyyat:
1.Иленков Э.В. Учитесь мыслить смолоду. М,:Знание, 1977.
2.Ростовецкая Л.А. Самостоятельность личности в познании и общении. Ростов-на –Дону, 1975.
3.Стоунс С.Психопедагогика: психологическоя теория и практика обучения. М.Прогресс, 1984.
Культура и самостоятельность мышления
Р.А.Джавадов     
Резюме
В статье анализируются проблемы культуры и самостоятельности мышления. Обосновывается необходимость самостоятельности мышления для формирования культуры мышления. Изучаются пути и средства развития самостоятельности мышления у студентов.

The culture and independence of thinking
R.A.Javadov
Summary
Here are being analysed the problems of culture and the independence of thinking and being substantiated the necessity of the independence of thinking for the formation of the culture of thinking. There being learned the ways and means of the development of independence of students’ thinking.

 


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08